Nazirlər Kabineti iyunun 25-də “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliklər 3 hissədən ibarətdir.

Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.

İkinci dəyişikliyə əsasən, sözügedən 8 şəhər və rayonda fəaliyyətinə icazə verilmiş sahələrdə ümumi işçi sayının 50 faizinin işə çıxmasına icazə verilir. 

Üçüncü dəyişikliyə görə, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.