İspaniyanın Araqon vilayətinin Ueska əyalətinin hakimiyyət orqanları karantin tədbirlərini bərpa etmək qərarına gəlib. Çünki bölgədə koronavirus yoluxmalarının yenidən artması aşkar edilib.

Bu, Avropa İttifaqı ölkələrində təcrid tədbirləri götürüləndən dərhal sonra yeni məhdudiyyətlər tətbiq edilməsi ilə bağlı hələlik ilk faktdır. Mütəxəssislərin fikrincə, koronavirus infeksiyası meyvə-tərəvəz məhsulu yığımı ilə məşğul olan mövsümi işçilər arasında yayılıb. İspaniyanın paytaxtı Madriddə və Barselona şəhərində də lokal infeksiya ocaqları aşkar edilib.

Almaniyada da ayrı-ayrı federal bölgələrdə təhlükəli vəziyyət yaranıb. Şimali Reyn-Vestfaliya əyalətindəki ən iri ət emalı kombinatında 1500 nəfərdən çox işçinin koronavirus infeksiyasına yoluxması aşkar edilib.

Dünya Səhiyyə Təşkilatı son bir neçə gündə dəfələrlə vurğulayıb ki, indiki vəziyyətdə məhz Avropada pandemiyanın ikinci dalğasının başlanması gözlənilir. Mütəxəssislərin proqnozlarının nə dərəcədə əsaslı olduğunu demək çətindir, lakin təkcə Avropa İttifaqı ərazisində deyil, Britaniyada, o cümlədən Şimali Uelsdə də yeni infeksiya ocaqları qeydə alınıb.

Portuqaliyanın hakimiyyət orqanları bir növ komendant saatı kimi profilaktika tədbiri tətbiq edib. Bu məhdudiyyətlər hələlik paytaxt Lissabona və şəhərətrafı bölgəyə aiddir. Burada restoranlar, barlar, kafe və mağazalar axşam saat 8-dən sonra bağlanır.