“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı UNESCO-nun sabiq baş direktoru, ölkəmizin yaxın dostu Koiçiro Matsuuraya təqdim edilib.

Yubiley medalını Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə K.Matsuura ilə keçirilən görüşü zamanı təqdim edib.

Səfir K.Matsuuraya ölkəmizin hazırkı vəziyyəti, ayrı-ayrı sahələrin inkişafı, eləcə də mövcud pandemiya şəraitində  Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində atılan vacib addımlar barədə məlumat verib.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusən UNESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə, K.Matsuuranın “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunduğunu bildirən səfir medalı ona təqdim edib.

Yüksək mükafata layiq görülməsinin onda böyük qürur hissi yaratdığını vurğulayan K.Matsuura əməyinə verilən bu qiymətə görə dərin minnətdarlığını ifadə edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlər haqqında danışaraq, 1999-2009-cu illər ərzində UNESCO-nun baş direktoru vəzifəsində çalışdığı zaman ölkəmizlə sıx əlaqələrinin olduğunu bildirib. K.Matsuura Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşlərini məmnunluq hissi ilə xatırladıb, onlara salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib. O, bundan sonra da iki dost ölkə arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.