“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESCO-nun Dünya İrs Komitəsinin İlkin siyahısına daxil edilib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, “Xınalıq” qoruğu ilə bağlı sənədlər UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunub.

Sənədlərdə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü dünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya irs siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi bir ildən sonra “Xınalıq” qoruğunun Dünya irs siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya irs siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin siyahıya salınması tələb olunur. İlkin siyahı hər bir üzv dövlətin Dünya irs siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur. Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə İlkin siyahıya daxil edilməyən abidənin Dünya irs siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli sərəncamı ilə “Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu” elan edilib. Qoruq mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyəti olan tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir.