İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

İyulun 13-də və iyulun 14-nə keçən gecə sərhəddə döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Məlumatda qeyd olunur ki, döyüşlərdə yaralanan hərbçilərimiz də var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.

Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.

Erməni silahlı qüvvələri Tovuz və Qazax rayonlarının sərhəd kəndlərini də atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. İyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu düşmən təxribatının qurbanı olub. O, Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində həlak olub.

Müdafiə Nazirliyindən bildiriblər ki, hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində döyüşlərdə həlak olan hərbçilərimiz doğulduqları rayonlarda dəfn ediliblər. Dəfn mərasimlərində yerli İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və geniş ictimaiyyət nümayəndələri, yüzlərlə sakin iştirak edib. Qəhrəman hərbçilərimiz “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə torpağa tapşırılıblar.

Döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonuna, polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib. Onların cənazələri ata ocaqlarında böyük coşqu ilə qarşılanıb.

Hər iki şəhid iyulun 15-də dəfn olunacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.