“Qarabağ əzəli Azərbaycan torpağıdır”

Moskvada, Rusiyanın Azərbaycan İcmaları Konfederasiyası Evində milli diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbir iştirakçıları Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məsələlərini müzakirə ediblər.

Rusiyada Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov tədbir iştirakçılarını Ermənistan silahlı qüvvələrinin ölkəmizin sərhədində – Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə məlumatlandırıb. Qeyd edib ki, Rusiyanın Azərbaycan diaspor təşkilatları adından Prezident Vladimir Putinə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya və ölkənin siyasi partiyalarının rəhbərlərinə ünvanlanan müraciətdə bu təcavüzkar hərəkətə münasibət bildirilməsinə çağırılır. Professor Kamran Rüstəmov Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə söhbət açaraq deyib ki, Azərbaycan tərəfi Ermənistanın layiqli cavabını verdi. Qeyd edib ki, Ermənistan rəhbərliyinin addımları Dağlıq Qarabağ münaqişəsini bilərəkdən sülh danışıqları çərçivəsində həlli olmayan məcraya yönəltməklə onu daha da dərinləşdirməyə istiqamətlənib.

Rusiyanın “Vatandoş” Regionlararası Özbək Təşkilatının sədri Usman Baratov Azərbaycan xalqına başsağlığını çatdıraraq türkdilli ölkələri Azərbaycana qardaş adlandırıb. Bildirib ki, özbək xalqı Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam dəstəkləyir və Qarabağ əzəli Azərbaycan torpağıdır.

Moskva şəhərinin Regional Tatar Milli-Mədəni Muxtariyyətinin sədri Ənvər Xusainov belə görüşlərin müntəzəm keçirilməsini, ekstremizmə və terrorizmə qarşı mübarizəyə istiqamətlənən birgə layihələrin icra olunmasını təklif edib. Ə.Xusainov Azərbaycan xalqına dəstəyini ifadə edərək bildirib ki, münaqişəni sülh yolu ilə həll etmək lazımdır.

“Soqlasiye” Milli-Mədəni Muxtariyyətinin sədri Vitali Şiroçenko Rusiyanın milli diaspor təşkilatları arasında intensiv əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.  Dəyirmi masanın işinə onlayn şəkildə Rusiyadakı Tacikistan, Pakistan, Belarus və Qırğızıstan diasporlarının təmsilçiləri də qatılıb.