Son bir neçə ayı karantin səbəbindən əsasən onlayn rejimdə keçirən teatr və konsert müəssisələri yayın ikinci ayından ənənəvi mövsüm tətilinə çıxsalar da, muzeylərimiz fəaliyyətlərini mövcud şərtlər çərçivəsində davam etdirir.
Sərtləşdirilmiş karantin rejimi olmayan şəhər və rayonlarda muzeylər epidemioloji qaydaları nəzərə almaqla tədbirlər də keçirir. Sərt karantin davam etdiyi paytaxtda isə bu müəssisələr hələlik onlayn layihə və virtual təqdimatlarla kifayətlənməli olurlar.
Azərbaycan Milli Xalça Muzeyi virtual məkanda – rəsmi saytı və sosial şəbəkə səhifələri üzərindən müxtəlif layihələr həyata keçirir. Bu günlərdə “Xalça ədəbiyyatda” adlı rubrikada atalar sözləri və tapmacalarda ip əyrilməsi və xalça toxunması üçün istifadə edilən alətlərin (cəhrə, həvə, kirkit və s.) necə təsvir edilməsi ilə bağlı məlumat paylaşılıb və bir çox izləyicilər tərəfindən bəyənilib.
Muzey həmçinin erməni vandalizmi nəticəsində keşməkeşli tarixçəsi olan “Muğan” xalçası ilə bağlı məlumatları da təqdim edib. Xalça ixtisasca həkim olan Afət Səfərovanın ailəsi tərəfindən 2017-ci ildə muzeyə hədiyyə edilib. Orta əsrlərdən bəri tanınan, Avropa sənətkarlarının rəngkarlıq əsərlərində təsvir olunan bu məşhur kompozisiyanın maraqlı nümunəsi bir neçə dəfə məhv olmaqdan xilas edilib. Uzun illər keçsə də, xalça Afət xanımın ailəsi üçün ən qiymətli əşya olaraq qalıb və bu gün Azərbaycan Milli Xalça Muzeyində qorunur.
***
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Muzeyin inciləri” rubrikasında maraqlı nümunələr təqdim edir. Muzeydə Azərbaycan musiqisinin korifeylərindən bəstəkar Müslüm Maqomayevlə (1885-1937) bağlı sənədlər qorunub saxlanılır. M.Maqomayev Ü.Hacıbəyli ilə birlikdə 1904-cü ildə Qori şəhərində (Gürcüstan) Zaqafqaziya Müəllimlər Seminariyasını bitirib. Maqomayev bütün fənlərdən əlaçı idi və onun attestatı muzeydə qorunub saxlanılır.
Əfsuslar olsun ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin oxuduqları bu təhsil ocağının arxivi indi mövcud deyil – sənədlərin qorunduğu 1№-li Tbilisi gimnaziyasının binası yanarkən onların çoxu məhv olub. Bu baxımdan Musiqi Mədəniyyəti Dövlət Muzeyində seminariyanın məzunlarına aid sənədlərin əsillərinin qorunub saxlanılması onların dəyərini daha da artırır.
Muzey sosial şəbəkə səhifəsində həmin sənədlərdən biri – Maqomayevin məktəbi bitirməsi haqqında vəsiqədir: “Vəsiqəni təqdim edən şəxs Zaqafqaziya Müəllimlər Seminariyasının kurslarını bitirmiş Əbdül-Müslüm Maqomayevdir. Bunu imzam və möhürümlə təsdiq edirəm. 30 may 1904-cü il. Qori şəhəri, Tiflis quberniyası. Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru M.Mironov”.
Muzeyin eyni rubrikadan təqdim etdiyi digər maraqlı nümunə gümüş örtüklü cüt zurnadır. Bu, bir ustanın eyni cür hazırladığı (1940-cı illər) alətlərin muzeyə daxil olan nadir nümunəsidir. Görünür, hər iki alət bir ailə üzvləri üçün nəzərdə tutulubmuş, ona görə də cüt saxlanılıb.
Muzeyin digər maraqlı təqdimatı “Azərbaycanda musiqi təhsili tarxindən” adlı fotorubrikadır. Rubrikada muzeyin zəngin fondlarından bəzi fotolar təqdim olunub.
Hazırladı: Lalə AZƏRİ