COVİD-19 səbəbindən yerli xalqların bəzi icmaları yox ola bilər. Onların bir çoxu, xüsusilə də Amazon mənşəli olanlar tam təcrid şəraitində yaşayır və onların virus infeksiyasına qarşı immuniteti çox aşağıdır. İstənilən bir missionerin gəlişi onlar üçün faciə ilə nəticələnə bilər.

Bu fikir BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Baçeletin 9 avqust – Beynəlxalq Yerli Xalqlar Günü münasibətilə bəyanatında vurğulanır.

Qeyd olunur ki, dünyanın 90 ölkəsində yerli (aborigen) xalqların 370 milyona yaxın nümayəndəsi var. Onlar dünya əhalisinin 6 faizindən azını və planetin ən kasıb sakinlərinin 15 faizini təşkil edir.

Mişel Baçelet deyib: “Demək olar ki, 90 ölkənin hər birində yerli xalqların icmaları çox vaxt ucqar rayonlarda yaşayır və tibbi yardım, təmiz su və sanitariya xidmətlərindən məhrumdur. Onların icma həyat tərzi xəstəliyin daha sürətli yayılmasına gətirib çıxara bilər”.

Ali komissar diqqətə çatdırıb ki, Şimali və Cənubi Amerikada yerli xalqların 70 mindən çox nümayəndəsi təhlükəli koronavirusa yoluxub, onların təxminən 23 min nəfəri Amazon hövzəsinin kiçik yerli xalqlarına aiddir. Min nəfərdən çoxu, o cümlədən əcdadlarının adət-ənənələrini dərindən bilən yaşlılar vəfat edib.

Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venesuela, Qayana, Surinam və Fransa Qvianasının daxil olduğu bu regionda yerli xalqların təxminən 420 icması yaşayır. Onların olduğu yerlərdə torpaqlar kənd təsərrüfatının inkişafı məqsədilə faydalı qazıntıların qanunsuz hasilatı, meşələrin qırılması və yandırılması nəticəsində getdikcə daha çox dağıntıya və çirklənməyə məruz qalır. Yerli xalqlar virus infeksiyasına qarşı xüsusilə aşağı immunitetə malikdir.

M.Baçelet əlavə edib ki, söhbət insanların həyatı və bizi bəşəriyyətin ən dərin köklərinə bağlayan mədəniyyətlər, dillər və ənənəvi biliklərin dəyərli irsinin müdafiəsindən gedir.