Pandemiyanın qlobal turizm sektoruna zərəri

BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) 2020-ci ilin yanvar-may aylarında qlobal turizm sektorunun 320 milyard dollar zərərə uğradığını açıqlayıb.

Təşkilatın hesabatında COVİD-19 pandemiyası səbəbindən yaranan itkinin 2008-ci ilin qlobal iqtisadi böhranından üç dəfə çox olduğu bildirilir.

Hesabata görə, bu ilin 5 ayında qlobal miqyasda turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 milyon nəfər, yaxud 98 faiz az olub. İyun-iyul aylarında da bu tendensiya davam edib və təşkilat bununla bağlı yaxın günlərdə daha bir hesabat açıqlayacaq.

UNWTO-nun baş katibi Zurab Pololikaşvilinin sözlərinə görə, bir çox ölkədə ümumi daxili məhsulun mühüm hissəsi olan turizm sektorunun tezliklə açılması, müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi çox mühümdür. O deyib ki, beynəlxalq turizmin ağır vəziyyəti milyonlarla insanın gəlir mənbəyinin kəsilməsi ilə nəticələnib. “İndi hökumətlərin qarşısında iki mühüm vəzifə –  ictimai səhiyyənin prioritet sahəyə çevrilməsi və turizm sənayesinin bərpası durur”, – deyə baş katib vurğulayıb.

Bununla yanaşı, ekspertlər qlobal turizmin tam şəkildə bərpasının yalnız 2021-ci ilin ikinci yarısında mümkün olacağını bildirirlər. Onlar hesab edirlər ki, pandemiya ilə əlaqədar risklərin davam etdiyi, səyahət məhdudiyyətləri və sərhədlərin bağlı olduğu bir şəraitdə nikbinlik üçün əsas yoxdur.

İLONA