Avqustun 13-də Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsi başlanır. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13-14 avqust 2020-ci il tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.

Qeyd edək ki, DİM tərəfindən 2019/2020-ci tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları (11-ci sinif) üçün 10, 11, 18, 19, 24, 25 iyun, 2, 3, 10, 23, 24, 29 və 30 iyul 2020-ci il tarixlərində müvafiq şəhər və rayonlar üzrə buraxılış imtahanları (ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi) keçirilib.

DİM-dən bildirilib ki, 13-14 avqust tarixində imtahanlar respublikanın 35 şəhər və rayonunda təşkil olunacaq. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

Bu tarixlərdə cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanlarından savayı I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçiriləcək.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində, o cümlədən məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

Avqustun 13-də keçiriləcək imtahanlarda 19 min 197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18 min 102 nəfər olmaqla, ümumilikdə 37 min 299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Onlardan 14 min 232 nəfər II ixtisas qrupu, 22 min 607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi isə 20-21 avqust tarixində təşkil olunacaq. Qeyd olunan tarixlərdə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.