Dövlət İmtahan Mərkəzi tərəfindən 20-21 avqust tarixlərində ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. İmtahanlar avqustun 20-də 16, avqustun 21-də isə 19 şəhər və rayonda təşkil olunacaq. Bununla da ali məktəblərə qəbul imtahanları başa çatacaq. Xatırladaq ki,  II və III ixtisas qrupları üzrə qəbul imtahanları 13-14 avqustda keçirilib.

20-21 avqust tarixlərində, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı keçiriləcək.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 160 imtahan binası ayrılıb. Avqustun 20-də keçiriləcək imtahanlarda 20 100, avqustun 21-də keçiriləcək imtahanlarda isə 16 884 nəfər olmaqla, ümumilikdə 36 984 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 30 980 nəfər I ixtisas qrupu, 5160 nəfər IV ixtisas qrupu üzrə abituriyentlərdir. 844 nəfər isə II, III və V ixtisas qrupları və 9 illik təhsil bazasında kolleclərə qəbul üçün əlavə xarici dil imtahanı verəcək.