Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə keçirilən birgə genişmiqyaslı təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin bir qrupunun istirahət günlərində gəzintisi təşkil olunub.

Müdafiə Nazirliyindən bildirilib ki, qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən eksponatlarla tanış olub və zəngin təəssüratlar əldə ediblər.

Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə ekspozisiyalarda əks etdirir.

Muzeyin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnika da ziyarətçilərin ən çox maraqlandığı ekspozisiyadır. Burada müxtəlif qoşun növlərinə aid texnikalar nümayiş olunur.