Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Babayev Fikrət Köçəri oğlu yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə Həsənov Rüfət Rauf oğlu nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Rüfət Həsənov 1987-ci ildə Bakıda anadan olub. 2009-cu ildə ABŞ-ın Men ştatında Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib. Nyu-York ştatında “Vice Media” şirkətində və Moskvada “Lemon Films” studiyasında  montaj rejissoru, həmçinin Moskvada “Vita Aktiva” Kommunikasiya İnstitutunda post-prodakşn meneceri, Vilnüsdə (Litva) “Lupa Q” prodakşn şirkətində rejissor kimi fəaliyyət göstərib.

2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.