Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Qafar-zadə Məryəm Fikrət qızı nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Məryəm Qafar-zadə 1980-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildən dövlət qulluğunda çalışır. 2009-2017-ci illər ərzində Fransanın Strasburq şəhərində Avropa Şurasında layihə rəhbəri vəzifəsində çalışıb, mədəni irs, gənclər siyasəti, təhsil, səhiyyə (pasient hüquqlarının qorunması), sosial bərabərlik (əlillərin hüquqlarının qorunması) və idman (idmana dair beynəlxalq konvesiyaların monitorinqi) mövzularında müxtəlif beynəlxalq layihələri idarə edib.

80-dən artıq beynəlxalq seminar və konfransda çıxış edən M.Qafar-zadə Avropa Birliyi və Avropa Şurasının “İdmanda gender bərabərliyi” və “Uşaqların zorakılıqdan qorunması” mövzularında müştərək layihələrin spikeri və məruzəçisidir. 2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin rəhbəri vəzifəsinə seçilib.

Son təyinatadək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri vəzifəsində çalışıb.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun dissertantıdır. 25 elmi məqalənin müəllifidir. Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisidir. Azərbaycan Basketbol Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Fransız, ingilis və rus dillərini bilir.

***

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Nəsibov İlkin Kamal oğlu nazirliyin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İlkin Nəsibov 1987-ci ildə Goranboy rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.

***

Anar Kərimovun digər əmrinə əsasən, nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Hüseynova Azadə Cəlil qızı öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Anar Kərimovun müvafiq əmri ilə Abdullayeva Nərgiz Faiq qızına həvalə edilib.

Nərgiz Abdullayeva 1991-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. 2013-cü ildən dövlət qulluğunda çalışır.

2013-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti,  Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində məsləhətçi və baş məsləhətçi vəzifələrində işləyib. 2018-ci ildən Mədəniyyət Nazirliyinin Muzeylərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.

İşlədiyi müddət ərzində respublikadakı muzeylərin fəaliyyəti ilə bağlı bir çox layihələr həyata keçirib, yerli və beynəlxalq konfranslarda və sərgilərdə iştirak edib. 2012-ci ildə İtaliyada keçirilən biennale çərçivəsində Roma Sivilizasiyası Muzeyində “Azərbaycan – Odlar yurdu İpək yolunda” adlı sərginin təşkilində iştirak edib, 2 ay müddətində sərgi ilə bağlı Roma şəhərində çalışıb.

Tvinninq layihəsi çərçivəsində İtaliyanın Florensiya şəhərindəki Palazzo Vecchio sarayında (2017) və Turin şəhərindəki “Musei Reali Torino”da (2018)  təlim-təcrübə proqramlarında iştirak edib. İngilis və rus dillərini bilir.