Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın Ukrayna dilinin dünyada geniş yayılması və ən əlamətdar yerlərdə, o cümlədən dünyanın ən iri muzeylərində Ukrayna dilində audiobələdçilərin tətbiq edilməsi layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində də Ukrayna dilində audiobələdçi yaradılıb.

Ukrayna dilində audiobələdçi əlamətdar bir tarixdə, 24 avqust – Ukraynanın Müstəqillik Günündə təqdim edilib.

Audiobələdçinin yaradılması haqqında razılıq 2019-cu ilin dekabr ayında, Ukrayna Prezidentinin və ölkənin birinci xanımının Azərbaycana səfəri çərçivəsində əldə edilib. Səfər müddətində Yelena Zelenskaya Azərbaycan Milli Xalça Muzeyini ziyarət etmişdi. Audiobələdçinin tərcüməsi, səsləndirilməsi və muzey sisteminə inteqrasiyası üzrə işlər təqribən 8 ay davam edib.

Bu, Ukraynanın birinci xanımının təşəbbüsü ilə yaradılmış ilk audiobələdçi deyil: 2020-ci ilin iyun ayında Vyana şəhərindəki Albertina rəsm qalereyası (Avstriya) da Ukrayna dilində “danışıb”. Yaxın vaxtlarda Latviya Milli Bədii Muzeyində (Riqa), Avstriyadakı İncəsənət Tarixi Muzeyində (Vyana) də ukraynadilli audiobələdçilərin tətbiq edilməsi planlaşdırılır.