AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük mütəfəkkir şair İmadəddin Nəsimiyə həsr edilmiş ekspozisiya daha bir əsərlə zənginləşib. Xalq rəssamı, heykəltəraş Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulmuş barelyef ekspozisiyaya daxil edilib.

Bu barədə məlumat verən muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, barelyef vaxtilə tanınmış jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin təşəbbüsü ilə hazırlanıb.

Hələ 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət etdiyini deyən professor Qulu Məhərrəmlinin sözlərinə görə, həmin məkanda şair haqqında məlumat lövhəsi olmadığı üçün bu barədə müvafiq dövlət orqanlarına müraciət edib. Lakin məsələ uzandığından bu işi heykəltəraş Natiq Əliyevlə birlikdə reallaşdırıblar. Təəssüf ki, bir çox səbəblərdən barelyefi Hələbə aparmaq mümkün olmayıb. Nəhayət, illər sonra əsər Ədəbiyyat Muzeyinin ekspozisiyasında yerini tapıb.