İndoneziyanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə bu ölkənin Bakıdakı səfirliyində tədbir keçirilib. Səfirlikdən verilən məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar məhdud şəkildə təşkil olunan tədbirdə İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım İnqan Malem çıxış edib.

Diplomat artıq 28 ildir mövcud olan İndoneziya-Azərbaycan ikitərəfli münasibətlərinin heç bir maneə olmadan davam etdiyini bildirib. Vurğulayıb ki, hazırda iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalı iqtisadi, ticarət və sosial-mədəni əməkdaşlığın genişləndirilməsinə yönəlib. “Ümid edirik ki, bu çətin dövrdə, xüsusilə iqtisadi və təhlükəsizlik sahələrində, möhkəm ikitərəfli əməkdaşlıqla iki ölkə birgə çətinliklərin öhdəsindən gələ biləcək. Səmimi-qəlbdən ümid edirik ki, iki ölkə arasındakı əməkdaşlıq hər iki ölkəyə böyük fayda gətirəcək”, - deyə İnqan Malem bildirib.

Tədbir İndoneziyanın Müstəqillik Günü çərçivəsində keçirilən virtual müsabiqənin qaliblərinə hədiyyələrin təqdim edilməsi ilə davam edib. Adətən indoneziyalıların, tələbələrin və diaspor üzvlərinin, eyni zamanda, azərbaycanlıların da iştirakı ilə keçirilən, kraker yeyilməsi və misket oyunları, stolüstü tennis və boulinq kimi müxtəlif ənənəvi oyunlardan və yarışlardan ibarət olan müsabiqə keçənilki tədbirdən fərqli olub. Bu il bəzədilmiş yemək fotomüsabiqəsi, uşaq rəsm müsabiqəsi və İndoneziyanın Müstəqillik Gününün ildönümü ilə bağlı fotomüsabiqə virtual şəkildə həyata keçirilib.