Prezident İlham Əliyev sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutduğunu, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq ölkədə hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.

Milli Məclis sentyabrın 27-də “Hərbi vəziyyət elan edilməsi haqqında” ölkə başçısının fərmanını təsdiq edib.

Fərmana əsasən, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.

Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı sərəncamla Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.