Almaniyanın ARD, ZDF, NTV, “Deutsche Welle” telekanallarında, dpa, AFP kimi xəbər agentliklərində, habelə “tagesschau.de”, “welt.de”, “spiegel.de”, “zeit.de”, “focus.de”, “stern.de”, “tagesspiegel.de” portallarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xətti boyunca həyata keçirdiyi növbəti təxribatı ilə bağlı çoxsaylı materiallar yayımlanıb.

Məqalələrdə Dağlıq Qarabağdakı bütün təmas xətti boyunca genişmiqyaslı döyüşlər getdiyi, hərbçilər və mülki vətəndaşlar arasında itkilərin olduğu qeyd edilir.

Dağlıq Qarabağın tarixinə nəzər salan müəlliflər vurğulayırlar ki, bu bölgə beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır və ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən işğal olunub. Diqqətə çatdırılır ki, Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağı müstəqil respublika kimi tanımır və regionu “Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri” kimi xarakterizə edir.

O da qeyd olunur ki, Almaniyanın Xarici İşlər naziri Hayko Maas baş verənlərlə əlaqədar verdiyi bəyanatda münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa, substantiv danışıqlara başlamağa çağırıb.