Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuz rayonu istiqamətində ölkəmizə qarşı təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun xatirəsi qardaş Türkiyənin Bursa şəhərində əbədiləşdirilib. Bursanın Osmanqazi Bələdiyyə Məclisi yeni salınan istirahət məkanına general Polad Həşimovun adının verilməsi təklifini yekdilliklə qəbul edib.

Oktyabrın 28-də Bursanın ən böyük və mərkəzi rayonu (ilçə) olan Osmanqazinin Dəmirtaş məhəlləsində Polad Həşimovun adı verilən parkın açılış mərasiminə yerli sakinlərlə yanaşı, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Bursadakı soydaşlarımız da qatılıb.

Osmanqazi Bələdiyyə başqanı Mustafa Dündarın sözlərinə görə, general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara ehtiramın, Azərbaycana mənəvi dəstəyin nümunəsidir. M.Dündar Ermənistanın xain hücumlarına qarşı Azərbaycan Ordusunun əks hücumlarından danışaraq deyib ki, qardaş ölkənin  qısa zamanda işğal altındakı bütün torpaqlarını azad edəcəyinə inanır.

Polad Həşimov adına parkda geniş yaşıllıq, uşaqlar üçün oyun sahəsi, idman meydançası salınıb.

Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü ərəfəsinə təsadüf edən açılış mərasimində sakinlərə iki qardaş ölkələrin bayraqları paylanıb.

Mehparə SULTANOVA
Ankara