Oktyabrın 30-da Türkiyənin Egey bölgəsində baş vermiş 6,6 bal gücündə zəlzələ nəticəsində İzmir şəhərində ölənlərin sayı 100-ü ötüb. Zəlzələ zamanı 900-dən çox insan xəsarət alıb. Onlardan 200-ə qədəri xəstəxana şəraitində müalicə olunur.

Zəlzələ nəticəsində İzmir şəhərində 40-a yaxın binada dağıntılar qeydə alınıb.

Azərbaycan dövləti ilk andan qardaş Türkiyəyə hərtərəfli kömək etməyə hazır olduğunu bildirib.

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.

Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu gün də xalqımızın dost və qardaş Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstaqram” hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.