Sentyabrın  27-dən bu günədək həyəcan və qürur hissi ilə müzəffər Azərbaycan Ordusunun qələbələrini izləyir, Ali Baş Komandanın qətiyyəti ilə fəxr edirik. Azərbaycan əsgərinin cəbhədə göstərdiyi şücaət, düşmən mövqelərinin darmadağın edilməsi qəlbimizi sevinc hissi ilə coşdurur.

Bu sözlər Sumqayıt Dövlət Dram Teatrının yaydığı məlumatda vurğulanır.

Qeyd olunur ki, yaradıcı heyət ön xətdə Vətən torpaqlarını erməni qəsbkarlarından azad edən cəsur döyüşçülərə mənəvi-ruhi dəstək niyyəti ilə videoçarx hazırlayıb: “İnanırıq Vətən sevdasını, bayrağımızın müqəddəsliyini, qan yaddaşını məzmununda ehtiva edən çarx əsgərlərimizdə Qələbə coşqusunu artıracaq”.

Məlumatda o da diqqətə çatdırılır ki, teatrın rəhbər və işçi heyəti könüllü şəkildə məvaciblərindən müəyyən məbləği Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Sumqayıt Dövlət Dram Teatrı cəbhədəki əsgərləri ruhlandıran, onlara minnətdarlıq və qələbə əzmi ifadə edən “Əsgərə məktub” aksiyasına da qoşulub. Yaradıcı heyətin hər birinin məktubunda müqəddəs duyğular, alqışlar yer alıb.

Məktublardan sətirləri təqdim edirik.

- İgid əsgər!  Möhkəm dayan, Qələbə səninlədir!

- Qorxmaz, cəsur əsgər qardaşım! Düşmənə Azərbaycan Ordusunun nəyə qadir olduğunu isbatla.

- Tanrı səni qorusun! Əsgərim!

- Qüdrətli dövlətimin cəsur əsgəri!  Səninlə fəxr edirik! Qələbə sonrası səni və əsgər yoldaşlarını teatrımızda görməkdən məmnun olarıq.

- Vətənimin igid oğlu! Sağ-salamat və Qələbə ilə qayıdışınızı gözləyirik.