“Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır”

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda 27 sentyabrda başlanan Vətən müharibəsinin hər ötən günü təkcə ön cəbhədə, düşmənlə üz-üzə döyüş meydanında deyil, diplomatik arenada və informasiya cinahında da mübarizə gedir. Azərbaycan Prezidenti, demək olar ki, hər gün beynəlxalq mediaya, nüfuzlu televiziya, qəzet və informasiya agentliklərinə müsahibələr verərək ölkəmizin haqq mübarizəsi ilə bağlı gerçəkləri dünyaya bəyan edir.

“Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” – bizim üçün ilk baxışdan bir qədər qəribə səslənən bu sualla Almaniyanın ARD telekanalının müxbiri Prezident İlham Əliyevə müraciət edib. Yəni dövlət, xalq öz əzəli torpağı uğrunda savaş verirsə, onu işğaldan azad etmək istəyirsə, bunun üçün hansısa bir səbəb, əsaslandırma lazımdırmı? Təbii ki, yox.

Azərbaycan Prezidenti də alman jurnalistin bu sualına onun, eləcə də dünyada hər kəsin anlayacağı qəti və aydın cavab verdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

“Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, – onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar – sonra köçürülüb və ya gətirilib. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər”, – deyə Prezident əlavə edib.

Bununla yanaşı, Prezident diqqətə çatdırıb ki, erməni icması son 200 ildə Dağlıq Qarabağda yaşayıblar və bundan sonra da yaşamağını istəyirik: “Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun”.

ARD telekanalı əməkdaşının Dağlıq Qarabağın muxtariyyəti məsələsi ilə bağlı sualına cavabında isə Prezident deyib: “Əvvəla, biz heç bir muxtar region razılığına gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamağa hazırıq”.

Dövlət başçısı vurğulayıb ki, müharibənin dayanması üçün Ermənistanın işğal etdiyi bütün əraziləri azad etməsi başlıca şərtdir: “Müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar...”.