ANAMA-nın əməkdaşı minaya düşüb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cəbhəyanı bölgələrdə, eləcə də işğaldan azad olunmuş ərazilərdə minaların zərərsizləşdirilməsi əməliyyatlarını davam etdirir.

Oktyabrın 31-də Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Yevlax rayonları ərazisində mərmilərin aşkar olunması barədə 26, noyabrın 1-də Ağcabədi, Füzuli, Goranboy və Tərtər əraziləri üzrə 14, noyabrın 2-də Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə 32 müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı top mərmisi, raket hissələri və s. aşkar olunub.

Noyabrın 2-də agentliyin əməkdaşı Zeynalov Telman Bəbir oğlu Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşüb. Partlayış nəticəsində sol ayağının topuq nahiyəsindən ağır yara alıb və amputasiya olunub.