Fransanın Kolmar şəhərinin meriyasının təşkil etdiyi konsertdə Azərbaycan musiqisi də səsləndirilib.
Meriyanın mədəniyyət şöbəsinin rəhbəri Paskal Vey və tanınmış müğənni Kristel Kernin birgə təşkilatçılığı ilə keçirilən konsertdə bu şəhərdə yaşayan azərbaycanlı musiqiçi və vokalist İlahə Ahui də iştirak edib.
Kolmar “Yamaha Music School” musiqi məktəbinin müəlliməsi İ. Ahui konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”nın ifa edib. İfaçı musiqisevərlərə müsəlman Şərqində ilk opera və operettanın müəllifi olan Ü.Hacıbəyli haqqında da məlumat verib. Həmçinin o, özünün yazdığı və bəstələdiyi “Ana” mahnısını səsləndirib.
Xatırladaq ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda musiqi məktəbinə fortepiano ixtisası üzrə təhsil alıb. On iki yaşında Bakı haqqında ilk mahnısını bəstələyib. 1999-cu ildə Fransaya gəlib. Əvvəl Strasburq şəhərində yaşayıb, bir il sonra Kolmar şəhərinə köçüb.
Kolmar şəhərinin konservatoriyasının dirijorluq və vokal sinfini bitirib. Yerli xor qruplarına dirijorluq edir, həmçinin Azərbaycan mahnılarını və öz bəstələrini ifa edir.