Koronavirus infeksiyası ilə bağlı martın 11-də bütün Dünya Səhiyyə Təşkilatı tərəfindən elan olunan pandemiya doqquzuncu ayı yeni yoluxma dalğası və ayrı-ayrı ölkələrdə yenidən sərt karantinə bağlanma qərarları ilə müşayiət olunur.
Türkiyədə COVİD-19 infeksiyasının yayılma tempini nəzarətə almaq məqsədilə hökumətin qəbul etdiyi növbəti sərtləşdirilmiş rejimin tətbiqinə başlanılıb. Dekabrın 1-dən etibarən həftənin ilk 5 günündə yerli vaxtla saat 21:00-dan 5:00-dək evdən çıxmaq qadağan edilir. Şənbə günü axşam 21:00-da başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5:00-a qədər qüvvədə olacaq. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, həmçinin 20 və daha aşağı yaş həddində olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlar bazar günü istisna olmaqla saat 13:00-dan 16:00-dək evdən çıxa bilərlər.
Avropanın əksər ölkələrində pandemiya ilə bağlı Milad bayramı və Yeni il tədbirlərinin keçirilməsi qadağan edilir. Almaniyada karantin məhdudiyyətləri 10 yanvaradək uzadılacaq. Bu müddətdə bütün kafe, restoran, idman zalları, muzey və teatrlar bağlı olacaq. Hotellər yalnız işlə bağlı səfər edənləri qəbul edəcək.
Fransa, Avstriya və digər ölkələr dağ-xizək komplekslərini bağlı saxlamaq qərarına gəliblər. İllik gəliri 28 milyard avro təşkil edən Alp dağları bu qış turistsiz qala bilər.
Bu arada bir sıra ölkələrdə koronavirusa qarşı peyvəndin kütləvi vurulmasına başlanılır.
ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” kompaniyaları koronavirusa qarşı peyvəndin istifadəsi üçün Avropada Dərman Vasitələri Agentliyinə müraciət ünvanlayıb. ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəsi dekabrın 10-da bu kompaniyaların birgə hazırladığı vaksinin istifadəsinə icazə verilməsi ilə bağlı iclas keçirəcək.
Böyük Britaniya isə Pfizer / BioNTech tərəfindən hazırlanmış COVİD-19 peyvəndinin istifadəsini təsdiqləyən ilk ölkə olub. Krallıq peyvənddən 40 milyon doza sifariş verib və ilin sonuna qədər 10 milyon dozanın hazır olması gözlənilir. Peyvəndin tətbiqi zamanı prioritetin virusu ağır keçirən insanlara, yaşlılara və qocalar evində qalanlara veriləcəyi bildirilir. Peyvənd 21 gün ara ilə iki dozada vurulacaq.
Rusiyada müəllim və həkimlərə gələn həftədən koronavirusa qarşı yerli istehsal olan “Sputnik-V” peyvəndinin vurulmasına başlanılacaq. Ölkədə koronavirusa qarşı artıq təxminən 2 milyon doza peyvənd istehsal olunub. Rusiya Prezidenti Vladimir Putin deyib ki, bu, əsas risk qrupuna daxil olan peşə sahiblərinin – müəllim və həkimlərin peyvənd edilməsinə imkan verir. Peyvəndləmə pulsuz və könüllü olacaq.