Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Tanınmış fırça ustası, respublikanın Əməkdar rəssamı Rafael Abbas oğlu Abbasov 2020-ci il dekabr ayının 3-də, ömrünün 78-ci ilində vəfat etmişdir.
Rafael Abbasov 28 noyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1960-1965), sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1968-1974) almışdır. 1967-ci ildən başlayaraq beynəlxalq, ümumittifaq və respublika miqyaslı sərgilərin iştirakçısı olmuşdur.
Rafael Abbasov “sərt üslub”da yaratdığı portret, natürmort və mənzərə janrında əsərləri ilə milli incəsənət xəzinəmizin zənginləşməsinə töhfələr vermişdir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm, mədəniyyət xadimlərinin onun fırçasından çıxmış portretləri milli təsviri sənətimizdə bu janrda yaradılmış uğurlu nümunələrdən hesab olunur.
Rəssamın süjetli tabloları, natürmort və mənzərələri xüsusi ifadəliliyi, poetikliyi ilə seçilir. Yurdumuzun əsrarəngiz təbiətini böyük məhəbbətlə tərənnüm edən rəssamın “Qızıl payız”, “Qala”, “Neft qazmaçıları”, “Yaşıl göl”, “Qala kəndi”, “Gecə”, “Bilgəh”, “Bahar təranəsi”, “Beşbarmaq motivi”, “Lahıc qabları ilə natürmort”, “Keramik qablar”, “Ağ güllərlə natürmort” və s. əsərlərində gözəllik duyğularının incəliklə ifadəsini görmək olar.
1995-ci ildə ABŞ-da (Boston), 1997-ci ildə Avstriya və Almaniyada, 2013-cü və 2019-cu illərdə isə Bakıda fərdi sərgiləri keçirilmişdir. Əsərləri Azərbaycan, Almaniya, ABŞ, Meksika, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarus, Rusiya qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.
Rafael Abbasov 1978-ci ildən Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. 2006-cı ildə respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdü.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Rəssamlar İttifaqı