Bu il bütün dünyada hər kəsin həyat və fəaliyyətinə təsir edən COVİD-19 pandemiyası insanların səyahət arzularına da sədd çəkdi. “QDİƏT mədəniyyət ayı – 2020” hər kəsə onlayn olaraq mədəni fəaliyyətlərlə tanış olmaq imkanı yaradır.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) əlaqədar qurumu olan Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (QDBAM) tərəfindən 1-30 noyabr 2020-ci il tarixində “QDİƏT mədəniyyət ayı – 2020” adlı təşəbbüs reallaşdırılıb. Bu il 4-cü dəfə reallaşdırılan təşəbbüs çərçivəsində QDİƏT-ə üzv dövlətlərin hər birinin mədəniyyəti haqqında (ədəbiyyat, musiqi, teatr, incəsənət, muzey, rəssamlıq, mətbəx və heykəltəraşlıq sahələri) təşkilatın rəsmi internet resursunda məlumatlar əksini tapıb.

Burada ölkəmizin mədəniyyətinə də geniş yer verilib. Saytda Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi, hər iki muzeydə sərgilənən eksponatlar haqqında məlumatlar, eləcə də bu muzeylərə virtual səyahət etmək üçün linklərə keçid verilib.

“QDİƏT mədəniyyət ayı – 2020” çərçivəsində zəngin Azərbaycan mətbəxinin nümunələrindən olan badambura haqqında, onun hazırlanma və təqdim olunma ənənələrindən bəhs edən material da dərc olunub.