Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən 2021-ci ilin martında “Azərbaycan mədəniyyəti kontekstində Sabit Rəhman mətnlərinin semantikası” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Universitetdən bildirilib ki, bu il anadan olmasının 110 ili tamam olan Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatının, xüsusən də dramaturgiyasının, teatr və kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Ədibin yubileyinə həsr edilən konfransın məqsədi onun çoxşaxəli yaradıcılığını bir daha, fərqli baxış bucağından tədqiqat müstəvisinə çəkmək, mətnlərinin semantikasını araşdırmaqdır.

Sabit Rəhman yaradıcılığı ilə məşğul olan teatr xadimləri, alimlər, doktorant, dissertant və magistrantlar konfransda iştirak edə bilərlər. Ərizə və məruzələr elektron formada 2021-ci il fevralın 20-dək sabitrahmankonfrans@gmail.com elektron ünvanına göndərilməlidir.

Qəbul edilmiş məruzələrin konfransdan sonra toplu halında nəşr edilməsi də nəzərdə tutulur.

Konfrans haqqında ətraflı məlumatı ADMİU-nun saytından əldə etmək olar.