AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri” kitabı çap olunub.

Kitabın elmi redaktoru və ön sözün müəllifi institutun direktoru, akademik Yaqub Mahmudovdur.

Sözügedən mövzu Azərbaycan tarixşünaslığında ilk dəfə tədqiq edilib. Əsərdə XV əsrin sonlarında Hindistanın Dekan bölgəsində yaranan Adilşahlar, Nizamşahlar və Qütbşahlar dövlətləri barədə geniş məlumat verilib. Müəllif Səfəvi dövlətinin Dekanın türk-müsəlman sultanlıqları ilə əlaqələrini ilkin mənbələrdən və elmi ədəbiyyatdan istifadə edərək tədqiq edib. Nəşrdə Səfəvilərin bəhs olunan türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələr tarixinə dair zəngin materiallar verilib.

Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə siyasi-iqtisadi əlaqələrinə təsir göstərən amillər təhlil edilib. Diqqətə çatdırılır ki, Səfəvi dövlətinin Dekan sultanlıqları ilə iqtisadi əlaqələrində dəniz yolu əsas ticarət marşrutu idi.

Monoqrafiya tarixçilər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tofiq Nəcəfli “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında”, “Səfəvi-Osmanlı münasibətləri” və “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” və s. monoqrafiyaların müəllifidir.