Ermənistan və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələri altı həftəlik müharibə dövründə dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutub. Bu, “Human Rights Watch” təşkilatının hesabatında öz əksini tapıb.

İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatın istifadə olunduğu dörd hücumu (biri Bərdə, biri Tərtər, ikisi Goranboy rayonuna) sənədləşdiriblər. Qeyd olunur ki, bu hücumlarda 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb. Hesabatda Bərdə şəhərinə oktyabr ayında atılan və 21 mülki vətəndaşın ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silahlı hücum da sənədləşdirilib.

Sənəddə kasetli silahların xarakteri haqqında məlumat verilərək qeyd olunub ki, onlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər: “Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs – istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır”.

Diqqətə çatdırılır ki, “Human Rights Watch” heyəti noyabrın 27-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşüb və həmin nümayəndə Ermənistan ordusunun hərbi arsenalında kasetli silah-sursatların olmasını təkzib edib. “Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən çap olunan illik nüfuzlu “Hərbi Balans-2020” daxil olmaqla, bir sıra beynəlxalq istinad olunan nəşrlər Ermənistanın “Toçka-U” və “İsgəndər” ballistik raketlərinə, “Smerç” və Çin istehsalı WM-80 çox lüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər. “Human Rights Watch” Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahlara sahib olmadığının fərqindədir. Belə olan halda Ermənistan silahlı qüvvələrinin bu hücumları həyata keçirdiyi və ya Dağlıq Qarabağdakı hərbi qüvvələri bu döyüş sursatları ilə təmin etdiyi ehtimal olunur”, – deyə hesabatda bildirilir.