Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu  “Azərbaycan Bayrağı” ordeni (288 nəfər), 3-cü dərəcəli “Rəşadət” ordeni (105 nəfər), 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (3 nəfər), 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (9 nəfər) və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə (331 nəfər) təltif olunub.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub. Medala 3601 hərbi qulluqçu (2756 nəfər ölümündən sonra) layiq görülüb.