İlkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər peyvənd olunacaq

Dünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizə çərçivəsində nümunəvi ölkələr siyahısına daxil etmişdi. Əminik ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə Azərbaycan vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq.

Bu fikri dekabrın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB-in rəhbəri bildirib ki, müxtəlif şirkətlər tərəfindən təklif olunan vaksinlər var. Vaksin seçimində bir neçə parametr önə çıxır. Biri saxlama şəraiti, digəri qoruyuculuq, effektivlik xüsusiyyəti, üçüncüsü isə təhlükəsizlikdir.

Ramin Bayramlının sözlərinə görə, dünya üzrə hazır olan 5 vaksində təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir: “Bunlardan biri Almaniya və ABŞ-ın birgə hazırladığı “BioNTech/Pfizer” vaksinidir. Burada saxlanma şəraiti bir qədər çətindir. Dünyanın əksər ölkələrində səhiyyə infrastrukturları buna hazır deyil və bu istiqamətdə işlər gedir. Bu vaksin -70 dərəcədə saxlanılır və effektivliyi 95 faiz olduğu barədə məlumatlar artıq məqalələrdə nəşr olunub. Digəri Rusiya Federasiyasında Gamaleya İnstitutunda hazırlanan “Sputnik V” vaksinidir. Bu vaksin - 20 dərəcə temperaturda saxlanılmalıdır və effektivliyinin 95 faiz olduğu barədə məlumatlar var. Bundan başqa, Oksford Universitetində “AstraZeneca” şirkəti ilə birgə İngiltərə və İsveç alimlərinin birgə hazırladığı, - 4 dərəcədə saxlanıla bilən vaksin ön plana çıxıb. Bu vaksinin də effektivliyinin 70 faiz olduğu barədə məlumatlar var. Ancaq bu vaksinin ikinci dozası ilə bağlı yenidən tədqiqatlara başlanılıb. Hazır olan vaksinlərdən biri də Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə selsidə 3 ilə qədər saxlamaq mümkündür. İlkin nəticələrə görə, bu vaksinin effektivliyinin 95-97 faiz olduğu bildirilir”.

TƏBİB-in rəhbəri qeyd edib ki, ilkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirusa qarşı vaksinlərin vurulması nəzərdə tutulur. Dünyada da bu təcrübədən istifadə edilir.

Brifinqdə çıxış edən Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev isə Çində hazırlanan “CoronaVac” vaksininin üstünlükləri barədə danışıb. Bildirib ki, bu vaksin əsasən immun sisteminə təsir edərək antiteli yaratmağı hədəfləyir: ”Aparılmış araşdırmalar sona çatmaqdadır. Vaksinin 95-97% civarında effektiv olması qənaətinə gəlinir. Üçüncü faza olaraq tədqiqatlarda Türkiyə də iştirak edir. Bu vaksin minlərlə insana verilir və təsiri yoxlanılır. Vaksinin təsirləri bu gün ümidvericidir”.

A.Allahverdiyev bildirib ki, insanların bəzisi xəstəliyi yüngül, bəzisi ağır keçirir. Vaksinin təsiri də belə olacaq: “Vaksinin tətbiqi zamanı bəzi şəxslərdə immun sistemi aktivləşməyə də bilər. Bu da mümkündür. Şəxs koronavirusdan 4-5 aydır sağalıbsa, onun vaksinasiya olunmasına ehtiyac yoxdur”.

Ölkədə vaksinasiya strategiyası hazırdır. Bunu isə səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, yaxın günlərdə hökumət tərəfindən bu strategiya təsdiqlənərək açıqlanacaq. İlk dövrlərdə vaksinasiya pulsuz həyata keçiriləcək.