Türkiyədə yaşayan azərbaycanlı rəssam-heykəltaraş Gülnarə Pamuk Muxtarovanın tarixi Qarabağın düşmən işğalından azad edilməsi münasibətilə çəkdiyi ikinci əsərini ictimaiyyətə təqdim edib. “Qarabağ maralı” adlı əsər yağlı boya ilə çəkilib.

Rəssamın bundan əvvəl “Çoban və uşaqlar” mövzusunda əsəri də ictimaiyyətə təqdim edilmişdi. Rəssam həmin əsərin 1984-cü ildə Laçında çəkilmiş fotoşəkil əsasında ərsəyə gətirdiyini bildirib: “Əsərə özümdən əlavələr də etmişəm, hisslərimi qələmə almağa çalışmışam. Qarabağ mənim üçün cənnətin özüdür. Xəyallarımdakı Qarabağ cənnətinin rəsmini çəkməyə çalışmışam”.

Ötən ilin oktyabrında, Vətən müharibəsinin davam etdiyi vaxtda Türkiyənin İzmir şəhərində keçirilən sərgidə Gülnarə Pamuk Muxtarovanın “Qarabağ xalçası” əsəri nümayiş olunmuşdu.

Hazırda əl işlərinin əksəriyyətinin məhz Qarabağ mövzusunda olduğunu deyən rəssam bu əsərləri ayrıca sərgidə təqdim etmək istəyir. O, Qarabağ mövzusunda sərgisini may ayında İstanbulun rəsm qalereyalarından birində təqdim etməyi planlaşdırılır.

Mehparə SULTANOVA