Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrası ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması münasibətilə “Nizami irsi” layihəsinə start verib.

Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, layihə üzrə silsilə tədbirlər keçiriləcək. Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda Çin-Azərbaycan ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

İl ərzində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərc olunması, sərgi və elmi konfransın təşkili, Nizami əsərlərinin, Azərbaycan və dünya nizamişünaslığına aid elmi araşdırmaların Çin dilinə tərcüməsi nəzərdə tutulur, habelə Çində nizamişünaslığın yaranması və inkişafı problemləri tədqiq ediləcək.

Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadr hazırlığı başlanıb. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliği ilə bağlı layihələr icra olunub. 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib.