Xəbər verdiyimiz kimi, 2021-ci il fevral ayında Moskva Şəhər Mədəniyyət Departamentinin və Moskvadakı Qara Qarayev adına Uşaq musiqi məktəbinin təşkilatçılığı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş müsabiqə keçirilib.

Qara Qarayev adına açıq müsabiqəyə Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, Latviya, Polşa, İtaliya və Macarıstandan 300-dən çox gənc ifaçı onlayn formatda qatılıb. Onların çıxışlarını Azərbaycanın Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin sədrliyi ilə münsiflər heyəti dəyərləndirib.

Müsabiqədə ölkəmizi təmsil edən gənc ifaçılar arasında Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri də uğur qazanıblar. İncəsənət Gimnaziyasının şagirdləri Fateh İsgəndər (tar) 1-ci yer, Mədinə Nurəliyeva (fortepiano) 1-ci yer, Məhəmməd Şəmmədov (akademik vokal) 1-ci yer, Zeynalov Fərid (fortepiano) 3-cü yerə layiq görülüblər. Fateh İsgəndər eyni zamanda Azərbaycan bəstəkarının əsərinin (C.Cahangirov, “Rondo”) virtuoz ifasına görə xüsusi diplomla təltif olunub.