Vətən uğrunda canını və qanını əsirgəməyən qəhrəman şəhidlərimizin xatirəsini əziz tutmaq, qazilərin qayğıları ilə maraqlanmaq hər birimizin borcudur. Çünki onların fədakarlığı, şücaəti sayəsində builki Novruz bayramını Zəfər ruhu ilə qeyd edirik.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və ictimaiyyət nümayəndələri Ərkivan qəsəbəsində şəhid mayor Anar Novruzovun, Hişkədərə kəndində leytenant Zaur Hüseynlinin, Çaxırlı kəndində çavuş Namiq Bağırovun, Qarğalıq kəndində gizir Elvin Əzizovun, İmanlı kəndində əsgər Məhəmməd Vəliyevin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin ailələri ilə görüşüblər. Ailələrə Novruz bayramı münasibətilə xoş arzular çatdırılıb, bayram sovqatı verilib.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi və Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin əməkdaşları Novruz bayramı günlərində 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Rəvan Nuriyevin, 2020-ci il Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Məmmədov və Abdurahman İsrafilovun ailələrinə baş çəkiblər.

Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi vurğulanıb. Bildirilib ki, bu il xalqımız Novruz bayramını əvvəlki illərdən fərqli, böyük qürurla qeyd edir. Bu sevinci bizlərə yaşadan qəhrəman övladlarımızla hər zaman fəxr edir, şəhidlərin müqəddəs ruhu qarşısında baş əyirik.

Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.