İtaliyanın paytaxtı Romadakı tarixi Kolizeyin – qladiator döyüşləri meydanının oxşarı Türkiyənin Aydın şəhərinin Nazilli qəsəbəsində aşkar edilib.

Mastaura antik şəhərində böyük hissəsi torpaq altında qalan meydanın gün üzünə çıxarılması üçün işlərə başlanılıb. Zeytun və əncir ağacları ilə örtülü torpaq sahəsinin altındakı tarixi tapıntı xaricdə də həyəcanla qarşılanıb. İngilis qəzetləri xəbəri “Türkiyədə ortaya çıxan Roma meydanı” başlığı ilə yayıb.

Aydın şəhərindəki Adnan Menderes Universitetinin Arxeologiya fakültəsinin mütəxəssisləri ərazidə qazıntı-tədqiqat işləri aparır. Elmi qrupun rəhbəri Sedat Akkurnaz qazıntısı davam etdirilən amfiteatr meydanı ilə bağlı deyib: “Anadoluda tayı-bərabəri, Yunanıstan və Misirdə belə bənzəri olmayan amfiteatr-arena dediyimiz döyüş meydanını aşkara çıxardıq. Təxminən 100 metr diametri və 35-40 metr hündürlükdə olan nəhəng nümayiş meydanı Şərqi Aralıq dənizi hövzəsində bildiyimiz ən yaxşı qorunmuş nümunədir”.

Tarixi meydanın tam olaraq üzə çıxarılması və məkanın turistlər üçün açılması üçün işlər sürətləndirilib. Bundan sonra Aydının Nazilli qəsəbəsini dünya da tanıyacaq.

 

Mehparə SULTANOVA
Ankara