Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin Sankt Peterburqdakı Mariinski Teatrında nümayişinin videoversiyası üzərində işlər yekunlaşıb.

20 milyon izləyicisi olan Mariinski TV platformasında yayımlanacaq balet bu ilin yanvarında Mariinski Teatrının yeni səhnəsində lentə alınıb. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev rəhbərlik edib.

Tamaşalar Mariinski Teatrının Primorsk filialının (Vladivostok şəhəri) Sankt-Peterburqa qastrol proqramı çərçivəsində 15, 16, 17, 18 yanvar tarixlərində təqdim edilib.

“Min bir gecə” baletinin yeni quruluşunun müəllifi həmvətənimiz, Mariinski Teatrının Primorsk filialının baş baletmeysteri Eldar Əliyev, quruluşçu rəssamı Pyotr Okunev, işıq üzrə rəssamı Sergey Martınov, videorəssamı Vadim Dulenkodur. Tamaşanın ideya müəllifi Mariinski Teatrının direktoru və bədii rəhbəri, dünya şöhrətli dirijor Valeri Gergievdir. Maestro Valery Gergiev yanvarda Mariinski Teatrının Primorsk səhnəsinin qastrol səfəri zamanı baleti izləyərək ona yüksək qiymət verib və onu teatrın repertuarına daxil etməyi təklif edib.

Balet tamaşasında əsas partiyaları Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər. Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər.