F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 23 apreldə qeyd olunan iki əlamətdar tarixə – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına, eləcə də Dünya Kitab və Müəlliflik Hüquqları Gününə həsr edilmiş “Kitabla dünyanı fəth et” adlı onlayn görüş keçirilib.
Onlayn görüşə Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, TİKA-nın Bakı nümayəndəliyinin əməkdaşı Elmir Laçınov, Gəncliyə Yardım fondunun prezidenti Ahmet Tecim, türkiyəli yazarlardan İmran Aksoy, Bestami Yazgan, Mustafa Ökkeş Evren, Nehir Aydın, Yusuf Dursun, Emrullah Köker Kaşif, Halis Kuralay, Yücel Feyzioğlu, “Cocuq Yayınları” nəşriyyatının direktoru Vural Kaya və baş redaktoru Ayşegül Sözen Dağ, azərbaycanlı uşaq yazarlarından Zahid Xəlil, Sevinc Nuruqızı, Əziz Sultan, Reyhan Yusifqızı, “TEAS Press” nəşriyyat evinin "Üç alma" uşaq ədəbiyyatı bölməsinin meneceri Arzu Cəfərova, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin direktoru Lalə Qəti, C.Hacıyev adına 3 saylı Uşaq musiqi məktəbinin direktoru Mehin Orucova, Baku-Türk ibtidai məktəbinin direktor müavini Hayrı Yıldız, “Nar” uşaq nəşriyyatının koordinatoru Abbas Qurbanov, “Uşaqkitabı.az” saytının baş redaktoru Eldar Kərimov, Bakı, Gəncə, Gədəbəy, Şəmkir məktəbliləri qatılıblar.
Görüş 44 günlük Vətən müharibəsi və Çanaqqala şəhidlərinin timsalında bütün türk dünyasının şəhidlərinin əziz xatirələrini birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəhla Qəmbərova iştirakçıları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında dostluq, əməkdaşlıq və həmrəyliyinin sıx tellərlə bağlandığını və bu qardaşlıq əlaqələrinin günü-gündən möhkəmləndiyini qeyd edib. O, 23 apreldə qeyd olunan iki əlamətdar tarixə – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı və Dünya Kitab və Müəlliflik Hüquqları Gününə həsr edilmiş onlayn görüşün əhəmiyyətini vurğulayıb və uşaqları, uşaq ədəbiyyatı naşirlərini, uşaq yazarlarını hər iki bayram münasibətilə təbrik edib. Əmin olduğunu bildirib ki, görüşdə Azərbaycan Türkiyə uşaq yazarları, uşaq ədəbiyyatı naşirləri arasında aparılacaq müzakirələr faydalı olacaq.
Ahmet Tecim kitabların uşaqların xarakterlərinin formalaşmasında rolundan bəhs edib və Respublika Uşaq Kitabxanası ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Bestami Yazqan çıxışında Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi münasibətilə xalqımıza təbriklərini ifadə edib və bu haqq savaşında canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib. Yazar söylədiyi şeirlə bütün uşaqların bayramını təbrik edərək “Uçmaq istəyirsinizsə, yalnız oxuduğunuz kitablar və biliklər sizlərə qanad olacaq” – deyə bildirib.
Digər çıxış edənlər də əlamətdar gün münasibətilə uşaqlara öz təbriklərini çatdırıblar.
Məktəblilərin ifalarında Türkiyə və Azərbaycan türkcəsində “Bir başkadır benim memleketim”, “Çırpınırdı Qara dəniz”, “Azərbaycan”, “Bana bir masal anlat, baba” mahnıları, iki qardaş ölkə haqqında şeirlər səslənib.