Bakı Xoreoqrafiya Akademiyasının İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşkilatçılığı ilə 29 aprel – Beynəlxalq Rəqs Gününə həsr olunmuş "Sənətşünaslıq elmində Azərbaycan xalq rəqsinin tədqiqi problemləri" mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli, İctimai fənlər kafedrasının müdiri, professor Maral Manafova, Sənətşünaslıq kafedrasının müdiri, professor Rafiq Sadıqov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov, BXA-nın elmi katibi Yeganə Əliyeva, sənətşünas Könül Əzimova, II kurs magistr tələbəsi Aydın Əhmədli iştirak ediblər.

Professor Maral Manafova tədbiri açaraq UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverin şərəfinə (doğum günü)  təsis edilən əlamətdar günün əhəmiyyətindən bəhs edib: "Rəqs sənətinin bütün üslublarına həsr olunmuş bu bayram mədəni və etnik maneələri aşaraq insanlar arasında birliyi təbliğ edir. Hər bir azərbaycanlıya qürurlanmağa əsas verən, zəngin bədii ənənələrə malik milli rəqsimiz də böyük inkişaf yolu keçib".

Rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli çıxışında bildirib ki, milli rəqslərimiz tariximizlə ayrılmaz şəkildə bağlıdır: "Bu da ölkəmizin mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük rol oynadığını göstərir. Prezident İlham Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli sərəncamı bu sahəyə diqqət və qayğının göstəricisidir. Xüsusilə qeyd edim ki, xoreoqrafiya akademiyası müsəlman Şərqində ilk dəfə Azərbaycanda yaradılıb. Bu məsuliyyət dərk edərək, gələcək fəaliyyətimizdə də milli rəqslərimizin qorunub saxlanılmasında və inkişafında öz xidmətlərimizi göstərəcəyik".

Sonra digər iştirakçıları mövzu ilə bağlı çıxış ediblər.