Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul etdi: “Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!”
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə və Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı.
Bu fikirləri Prezident İlham Əliyev mayın 3-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən söyləyib.
Dövlət başçısı vurğulayıb ki, Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi müharibənin son gününə qədər davam etdi: “İkinci Qarabağ müharibəsində Qələbəmiz, əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır”.
Prezident qeyd edib ki, əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər”, – deyə İlham Əliyev bildirib.
Prezident əmin olduğunu bildirib ki, qardaş ölkənin yeni səfiri də diplomatik fəaliyyəti müddətində bu əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini göstərəcək: “Sizə uğurlar arzulayıram və “Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!” deyirəm”.
Təşəkkürünü bildirən Cahit Bağçı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər münasibətilə dövlət başçısını təbrik edib. “İnşallah, mən fəaliyyət dönəmimdə əlaqələrimizin daha da inkişafına, daha da irəli aparılmasına səy göstərəcəyəm”, – deyə o əlavə edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın azad etdiyi hər kənddə dalğalanan, istiqlalın və istiqbalın rəmzi olan üçrəngli bayraq, minarələrdən oxunan azanlar Türkiyədə də göz yaşları içində qarşılanır, sevinc və coşquya çevrilirdi. Türkiyə Qarabağın erməni işğalından azad olunmasında qardaşlığını nümayiş etdirdi. Haqlı işində qardaş Azərbaycanın yanında dayanaraq ona dəstək verdi. Türkiyə bundan sonra da heç bir tərəddüd etmədən Azərbaycanın yanında olacaq və onu dəstəkləyəcək.
Türkiyənin ölkəmizdəki yeni səfiri Cahit Bağçı bu sözləri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Vətən müharibəsində Qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələyə qədəm qoyub. Bundan sonra qardaşlıq əlaqələri daha da güclənəcək və bu Qələbə ilə yeni körpülər qurulacaq. Azərbaycan xalqı hər zaman yanında möhkəm dayanan bir qardaşı olduğunu gördü və bundan əmin oldu.
“Gücümüzün birliyimizdə, birliyimizin gücümüzdə olduğuna inanırıq”
Diplomat qeyd edib ki, Türkiyə azərbaycanlı qardaşlarının doğma Qarabağa, Novruz tonqalı yandırılan torpaqlarına, yurdlarına qayıtmaları üçün də dəstəyini əsirgəməyəcək. O bildirib ki, işğal müddətində Azərbaycan xalqının tarixi abidələrinin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərinin və əmlaklarının ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq əleyhinə cinayətdir. Türkiyə Qarabağın sürətli inkişafı üçün bölgənin yenidən qurulmasına, insanların məskunlaşdırılmasına dəstəyini verəcək.
“Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanlarını bölüşməyə hazırdır. Doğma yurdlarından didərgin düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcək. Qafqazın incisi Şuşanın və azad olunan bütün Qarabağın tezliklə türk dünyasının ən gözəl bölgələrindən birinə çevrilməsi üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik”, – deyə səfir bildirib.
Cahit Bağçı vurğulayıb ki, bu yeni dövrdə əsas məqsəd xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrini sarsılmaz təməllərlə gücləndirmək, münasibətlərimizi bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə dərinləşdirməkdir: “Əminik ki, ticarət dövriyyəsinin artması ilə yanaşı, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq inkişaf edəcək, xalqlarımızın ortaq tarixə, qədim mədəniyyət və ənənələrə əsaslanan dostluğu və qardaşlığı daha da möhkəmlənəcək”.
Diplomat bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlığın dünyada analoqu yoxdur: “Dünya Qarabağ Zəfəri ilə iki qardaş ölkənin birliyinin və gücünün şahidi oldu. Vəzifəmiz dostluq və qardaşlıq mayası ilə yoğurulmuş bu əlaqələrin və əməkdaşlığın səviyyəsini daha da yüksəltmək, ölkələrimizin bölgədə və dünyada daha güclü olmalarına töhfə verməkdir. Birlikdən qüvvət doğar. Səylərimiz birlik və dirilik üçün olacaq. Biz gücümüzün birliyimizdə, birliyimizin gücümüzdə olduğuna inanırıq. Heç bir qüvvə Türkiyə-Azərbaycan birliyini sarsıda bilməyəcək”.