Kitabxanalarda metodiki iş sistemli fəaliyyət sahəsidir. Müasir zamanda kitabxanalarda metodiki fəaliyyətin konsepsiyası dəyişib Kitabxanalara internetdən istifadə edərək, virtual  məkanda necə işləmək, innovasiya, marketinq, strateji planlaşdırma kimi sahələrdə yeniliklərlə ayaqlaşmaq  lazım gəlir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən təqdim edilən yeni metodik vəsait “Sərgilər: panoramaların ideyası” adlanır. Kitabxananın metodik təminatı və təlimi üzrə hazırlanan bu vəsait  təkcə kitabxana mütəxəssislərinin deyil, kitabxana istifadəçilərinin, o cümlədən tələbələrin marağına səbəb olacaq. 

Vəsaitdə "Xalqlar çoxdur – ölkə birdir", "Ədəbi labirint", "Soyuq müharibə rəngləri", "Kitab cazibəsi" başlıqlı 4 metodiki layihə işlənərək  təqdim edilib. Hər metodiki işin məqsədi, vəzifəsi, hədəf auditoriyası, təqdim edilən sərgilərin konsepsiyası, icmalı verilib. Vəsaitdə diqqəti cəlb etmək üçün kitabxana sərgilərinin şəkillərindən, müxtəlif  illüstrasiyalardan istifadə edilib. Hər metodiki layihə biblioqrafik siyahı ilə təmin olunub.

Metodiki işin əsas konsepsiyası kompüter texnologiyaları vasitəsilə hər kəsə açıq olan metodiki informasiya mühiti yaratmaqdır. Təklif olunan nəşr müəllif  layihələrini ehtiva edir. Burada əsas məqsəd kitabxana sərgilərinə mətbuat, kitabxananın veb-saytı, sosial şəbəkələr vasitəsilə oxucunun diqqətini cəlb etmək, mütaliəyə marağı artırmaqdır.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan metodiki vəsaitə bu linki vasitəsilə baxa bilərlər:

http://ryl.az/files/sergi.pdf