Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 30-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, onlayn formatda (“Zoom” tətbiqi vasitəsilə) təşkil olunacaq elmi konfransda respublikanın ali məktəblərində təhsil alan sənətşünaslar, eləcə də doktorantlar və tədqiqatçıların məruzələri dinləniləcək.

Məqsəd mədəniyyətin müxtəlif sahələri üzrə mütəxəssislər, tədqiqatçılar arasında elmi biliklər və tədqiqat təcrübəsi mübadiləsinə, yeni tədqiqatların və yeni mövzuların üzə çıxarılmasına zəmin yaratmaqdır.

Elmi konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində keçirilir.