AŞPA-nın mənzil-qərargahında dahi Azərbaycan şairinə həsr edilmiş sərgi

 

Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar Strasburqda Avropa Şurasının mənzil-qərargahında sərgi açılıb. Sərgi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilib.
Sərgidə böyük mütəfəkkir və şairin Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş fransız və ingilis dillərində kitabları, eləcə də Nizaminin “Xəmsə”sinə daxil olan poemaların motivləri əsasında çəkilmiş əsrarəngiz miniatürlər nümayiş olunur.

Xüsusi guşədə Nizami Gəncəvinin zəngin yaradıcılığından nümunələr və onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumatlar diqqətə çatdırılır.

Sərginin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası dövrünə təsadüf etməsi Strasburqda yerləşən diplomatik korpus və katiblik əməkdaşları ilə yanaşı, avropalı parlamentarilərin və digər qonaqların sərgi ilə tanış olmasına imkan verir.

Sərginin açılışında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili, akademik Rafael Hüseynov çıxış ediblər.

Rafael Hüseynov Nizami Gəncəvi əsərlərinə həsr edilmiş sərginin böyük əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, XII əsrdə Nizaminin təbliğ etdiyi və aşıladığı dəyərlər məhz bu gün Avropa Şurasının təbliğ etdiyi dəyərlərdir.

“Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvi 8 əsr əvvəl yazırdı: …Yüz il sonra sorsan bəs o hardadır? Hər beyti səslənər: Burda, burdadır!

Əsrlər keçməsinə baxmayaraq, Nizami Gəncəvi yenə də burdadır, Azərbaycanın hər qarışında, dünyanın bir çox ölkələrindədir.

Bu gün Nizami Gəncəvi Strasburqda Avropa evindədir. Bu, çox sevindirici haldır. Çünki Avropa Şurası dünya üçün vacib olan ümumi dəyərləri qoruyur və təbliğ edir. Avropanın təbliğ etdiyi dəyərləri 8 əsr əvvəl böyük mütəfəkkir Nizami Gəncəvi əsərləri vasitəsilə təbliğ edirdi. Nizaminin müxtəlif dillərə tərcümə edilən əsərləri indi həmin sözləri bütün dünyaya deyir”, – deyə Rafael Hüseynov əlavə edib.

Akademik bildirib ki, Avropa Şurasında müxtəlif ölkələrdən gələn deputatlar, eləcə də qurumun işçiləri, bu binaya daxil olan hər kəs sərgini maraqla seyr edir. Nizami körpüsü vasitəsilə Azərbaycana məhəbbət artır. Nizami Gəncəvini təkcə mədəniyyət, ədəbiyyatla əlaqələndirmək düz deyil, bu həm də siyasi hadisədir. Nizami dünyada böyük dəyərləri təbliğ edir.

Qeyd edək ki, sərgidə mütəfəkkir şairin büstü də nümayiş olunur. Sərgi oktyabrın 8-nə qədər AŞPA-nın mənzil-qərargahında ictimaiyyətə açıq olacaq.