“Bu gün Türk Şurasının dönəm sədrliyini yerinə yetirən qurucu üzvümüz Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 30-cu ildönümünü qeyd edirik. Bu əlamətdar hadisə münasibətilə qardaş Azərbaycan hökumətini və xalqını təbrik edirəm".

Bu fikirləri Türkdilli Olkələrin Əməkdaşlıq Şurasınıın (Türk Şurasının) baş katibi Bağdat Amrayev bildirib.

B.Amrayev deyib ki, Türk Şurası keçən il 18 oktyabr münasibətilə təbrik mesajında Vətən müharibəsi zamanı qardaş Azərbaycan xalqının yanında olduğunu ifadə edib və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək əzmini dəstəkləyib.

"Şükürlər olsun ki, bu il oktyabrın 18-da Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusunun yazdığı şanlı tarixə şahidlik edir, bu günü qürur və xoşbəxtliklə qeyd edirik. Azərbaycanın 30 ildə keçdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyiş, bölgəmizdə və ondan kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində oynadığı mühüm rol, Türk dünyasının birlik və həmrəyliyi inkişaf etdirmək səyləri bütün dünya tərəfindən izlənilir və təqdir olunur.

Qurucu üzvümüz Azərbaycan son iki ildə böyük bir müvəffəqiyyətlə həyata keçirdiyi sədrlik müddətini 2021-ci ilin noyabrında Türkiyəyə təhvil verməyə hazırlaşır. Türk Şurasını konkret nailiyyətlərlə yeni bir dövrə daşıyan bu məhsuldar dövrdə fasiləsiz dəstəyə görə başda hörmətli Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinin bütün nazirliklərinə, dövlət və özəl sektor təşkilatlarına minnətdarlığımızı bildirmək istərdik. Azərbaycan xalqına ölkənin hər tərəfində dalğalanan şanlı bayraq altında firavan və parlaq gələcək arzulayıram”, – deyə Bağdat Amrayev vurğulayıb

Mehparə SULTANOVA
Ankara