İşğaldan azad olunmuş ərazilərimizdə qurulacaq kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “Qarabağa kitabla gedək” kampaniyası davam edir. Milli Kitabxanadan verilən məlumata görə, ADA Universitetinin kitabxanası da bu nəcib aksiyaya qoşulub.
ADA Universiteti kitabxanasının direktoru Elçin Məmmədov “Qarabağa kitabla gedək” kampaniyası çox mütərəqqi bir layihə kimi qiymətləndirib. Bildirib ki, ADA Universiteti kitabxanası olaraq belə bir layihədə iştirak etməkdən çox məmnunuq.
Elçin Məmmədov 754 adda 1257 nüsxə ədəbiyyatın “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Milli Kitabxanaya təqdim edildiyini diqqətə çatdırıb. “İnanırıq ki, Qarabağda bərpa olunacaq kitabxanalarda oxucular bu ədəbiyyatlardan yararlanacaqlar”, – deyə o vurğulayıb.