Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NƏFƏS” İB və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə Xalq yazıçısı Əzizə Cəfərzadənin (1921-2003) 100 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib.

Konfransın aparıcısı – Mili Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı giriş sözündə yazıçının yaradıcılığında, ictimai fəaliyyətində türk dünyasının xüsusi yeri olduğunu bildirərək, tədbirə türk ölkə və topluluqlarından yazar və ziyalıların qatıldığını diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva videokonfransda geniş çıxış edib, xatirələrini bölüşüb: “Əzizə Cəfərzadə şəxsən mənim uşaqlıq, gənclik illərimdə, jurnalistlik fəaliyyətim dövründə hər zaman heyranlıqla oxuduğum, yaradıcılıq uğurlarını izlədiyim, yaxından tanımaqdan şad olduğum, söhbətlərindən böyük zövq aldığım, bir neçə dəfə ədəbi dialoq, müsahibə, fikir mübadiləsi aparmaq şərəfinə, xoşbəxtliyinə nail olduğum möhtəşəm xanıməfəndiydi”.

Qənirə Paşayeva deyib ki, yazıçının ömrü çətinliklər, sınaqlar və təlatümlərlə keçsə də, o heç zaman qürurunu, mətanətini sındırmamışdı. Bütün çətinliklər qarşısında təmkinlə, vüqarla dayanıb məğrurluğunu qoruya bilmiş, mübarizəsini davam etdirərək xalqı üçün qiymətli bir ədəbi irs qoymuşdur. Bu zəngin ədəbi irsin hər bir səhifəsi isə Vətənin milli-tarixi taleyi, mənəvi-əxlaqi dəyərləri, çoxəsrlik ulu mədəniyyəti ilə bağlıdır. Buna görə də həmin əsərlər Azərbaycanın bugünkü və gələcək nəsilləri üçün çox dəyərli milli-mənəvi mirasdır. Ədibin Seyid Əzim Şirvani haqqında “Aləmdə səsim var mənim”, Şah İsmayıl Xətai mübarizəsinə həsr etdiyi “Bakı – 1501” və b. romanlarını, o cümlədən, rəngarəng mövzularda yazdığı hekayələrini hələ illər öncə böyük maraqla oxumuşdum. Amma etiraf edim, onun ən sevdiyim əsərlərindən biri “Anamın nağılları” idi.

Bildirilib ki, Əzizə Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində böyük fədakarlıqla çalışıb, bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991) və b. kitabları böyük yazıçının ədəbiyyatımıza, mədəniyyətimizə bağlılığından və sevgisindən xəbər verməklə yanaşı, minlərlə Azərbaycan gəncinin böyük ədəbi və mədəni irsimizi, şəxsiyyətlərimizi, sənətkarlarımızı daha yaxından tanımasına səbəb olub.

Milli Məclisin deputatı Hikmət Babaoğlu, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Şamir Abbasov və digər çıxış edənlər Əzizə Cəfərzadənin çoxşaxəli ədəbi, elmi, ictimai fəaliyyətindən, xeyirxahlığından söz açıblar. Xalq yazıçısının əsərlərinin türk dünyasında yayılması, adına mükafat təsis edilməsi, Özbəkistan universitetlərindən birində Əzizə Cəfərzadə adına Mədəniyyət mərkəzinin yaradılması, habelə “Vikipediya” açıq ensiklopediyasının ayrı-ayrı dillərdə olan seqmentlərində ədib haqqında səhifələrin işlənməsi kimi məsələlər qaldırılıb. Vurğulanıb ki, Əzizə Cəfərzadə ədəbiyyata, elmə, doğma xalqına təmənnasız xidmət edib.

Əzizə Cəfərzadənin varisi Turan İbrahimov videogörüntü vasitəsilə yazıçının evindəki əşyalarını, zəngin kitabxanasını, onun yaradıcılığına dair yeni nəşrləri nümayiş etdirib, ürək sözlərini bölüşüb, konfransın təşkilatçılarına və iştirakçılarına ailə adından təşəkkürlərini çatdırıb.