Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda geniş bir fəaliyyət meydanı açır. Biz hökumət, dövlət olaraq, əlbəttə ki, qarşımızda duran əsas vəzifələrin üzərində öz fəaliyyətimizi qururuq. İlk növbədə, bərpa işləri, minalardan təmizləmə işləri, ondan sonra infrastruktur, daha sonra yaşayış yerlərinin, iş yerlərinin tikintisi və ondan sonra vətəndaşların oraya qayıtması gündəliyimizin əsas məsələləridir. Ancaq bununla yanaşı, Qarabağın və Zəngəzurun mədəni həyatının dirçəldilməsi istiqamətində də önəmli addımlar atılmalıdır.

Prezident İlham Əliyev bu sözləri fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda deyib. “Gülüstan” sarayında keçirilən tədbirdə gənclər dövlət başçısına müxtəlif mövzularda suallar ünvanlayıblar. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı, rəssam Elçin Hüseynin sualı Qarabağın Azərbaycan incəsənətinin beşiyi kimi tarixi imicinin bərpası, ümumiyyətlə, ölkəmizdə kreativ sənayenin rolunun artırılması barədə olub.

Prezident diqqətə çatdırıb ki, azad edilmiş ərazilərdə mədəni həyatın dirçəldilməsi istiqamətində artıq addımlar atılır. “Biz artıq buna başlamışıq. Məsələn, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bunun gözəl nümunəsidir. Yəni, bunlar artıq ənənəsi bərpa olunmuş tədbirlərdir. Məsələn, bir təklif də var idi və hesab edirəm ki, bu, sizin də sözünüzlə uzlaşır – azad edilmiş torpaqlarda rəssamlıq müsabiqələrini keçirmək. Məsələn, mən hətta Operativ Qərargaha təklif etmişdim ki, bu il yaz-yay aylarında dünyanın müxtəlif yerlərindən gənc rəssamları dəvət edək, onları hava yolu ilə Füzuliyə gətirək. Füzulinin dağıntıları, bunlar bizim təsviri sənətdə əks olunmalıdır. Çünki bu dağıntılar bir azdan sonra olmayacaq. Düzdür, biz hər bir şəhərdə müəyyən kvartal saxlayacağıq ki, xalqımız erməni vəhşiliyini heç vaxt unutmasın. Amma, əlbəttə, biz bütün bu mənzərəni görməyəcəyik, çünki dağıntılar aradan götürüləcək. Amma biz bunu indi foto, video sənədlərdə sənədləşdirmişik. Bunu təsviri sənətdə, rəngkarlıqda əks etdirmək, əlbəttə ki, böyük işdir. Yəni, xarici ölkələrdən geniş bir qrup gənc rəssam gəlib orada öz gördüklərini özü istədiyi kimi təsvir etsin. Ondan sonra ikinci istiqamət Şuşa. Şuşanın gözəlliklərini biz göstərməliyik. Ona görə burada fəaliyyət üçün çox böyük meydan var...”, – deyə İlham Əliyev bildirib.

Tətbiqi sənətin inkişafı ilə bağlı layihələrin icra edildiyini deyən dövlət başçısı belə təşəbbüslərin işğaldan azad edilən əraziləri də əhatə etməsinin, gənclərin də bu işdə fəal olmasının vacibliyini qeyd edib: “Azad edilmiş torpaqların çox zəngin tarixi var. Bu torpaqlar 30 il işğal altında olduğu üçün indiki gənc nəsil orada olmayıb... Ona görə biz bu bölgələri, bu yerləri yenidən özümüz üçün kəşf etməliyik. Onun zəngin tarixi mirasını qorumalıyıq və əlbəttə ki, mədəniyyət, incəsənət sahəsində təşəbbüslərin ortaya qoyulması bizə kömək göstərəcək. Ona görə xahiş edərdim ki, bəlkə siz özünüz belə bir təkliflər verəsiniz və biz dövlət, hökumət olaraq, əlbəttə, mədəni sahəyə aid olan bütün bu məsələləri planlı şəkildə aparacağıq”.

 

Biz həmişə milli dəyərlərimizə sadiq olmuşuq

 

Prezidentə ünvanlanan daha bir sual milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gəncinin fəaliyyəti ilə bağlı olub.

“Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir. Müasir Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq” deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan əsrlər boyu müstəqil olmasa da, xalqımız öz milli xüsusiyyətlərini itirməyib, qoruya bilib: “Məhz ona görə ki, biz həmişə öz milli dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq. Baxmayaraq ki, məsələn, əgər sovet dövrünü nəzərə alsaq, o vaxt marksizm-leninizm ideologiyası hökm sürürdü. Ancaq buna baxmayaraq, qapalı bir cəmiyyətdə yaşamağımıza baxmayaraq, hər bir Azərbaycan ailəsində bizim milli bayramlarımız qeyd edilirdi. Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq”.

Dövlət başçısı vurğulayıb ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur: “Yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır. Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Yəni, məqsəd dəyişmir və dəyişməyəcək. Bunu biz tarix boyu görürük. Əgər hətta uzaq tarixə nəzər salsaq görərik ki, məqsəd və məram dəyişmir, forma dəyişir, mübarizə üsulları dəyişir. Hansısa məsələni həll etmək üçün bu məsələnin pərdələnməsi, yaxud da, əgər belə demək mümkündürsə, qablaşdırılması dəyişir, amma mahiyyət dəyişmir. Yəni, hegemonluq uğrunda mübarizə, xüsusilə böyük önəm daşıyan ölkələr, zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr xüsusi diqqət cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün biz bunu hər zaman, müstəqillik illərində dəfələrlə görmüşük. Bax, bu niyyətlə üzləşirik, buna müqavimət göstəririk və deyə bilərəm ki, bu təhlükələri dəf edə bilmişik...”.

Prezident diqqətə çatdırıb ki, bu, aktual məsələdir və heç vaxt itirməyəcək: “Bu siyasətin mənbələri dəyişə bilər, bu, dünyada geosiyasi vəziyyətə bağlıdır, bəzi güc mərkəzləri güclənir, bəzilər zəifləyir. Ancaq, sözün düzü, mən onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmürəm və mənim iş təcrübəm bunu deməyə əsas verir. Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır. Çünki bizim çox zəngin mədəniyyətimiz, tariximiz var, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimiz də bax, bu milli dəyərlərin tərkib hissəsidir. Biz azad olmadığımız dövrdə onu qorumuşuq. Ancaq bu gün ana dilimizi yenə də qorumaq lazımdır və biz bunu görürük. Həm televiziya məkanında, mətbuatda görürük ki, kənar sözlər müdaxilə edir – ya təbii olaraq, ya qəsdən. Hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur.

Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq”.

Prezident gənclərin suallarına cavab olaraq 44 günlük Vətən müharibəsi, xüsusilə Şuşanın azad edilməsinin onda doğurduğu qürur hissi, tarixi Zəfərin əldə olunmasında vətənpərvər gənclərimizin rolu barədə fikirlərini də bölüşüb.

“Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”, – deyə İlham Əliyev bildirib.

 

Qələbənin bir çox səbəbləri var, ancaq əsas amil vətənpərvərlikdir

 

Dövlət başçısı qeyd edib ki, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, Ordumuzun müasirləşdirilməsi: “Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Bilirsiniz, müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər...”.

Prezident vurğulayıb ki, vətənpərvərlik, sadəcə, hansısa proqramları tərtib edib həyata keçirməklə olmur. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır: “Vətən müharibəsi ona görə Vətən müharibəsi adlandırılır ki, bütün xalq bu müharibədə Qələbə əldə etmək üçün çalışırdı. Mən əvvəlki çıxışlarımda dəfələrə demişdim ki, hər birimiz, hər gün bu müqəddəs Qələbə gününü yaxınlaşdırmalıyıq. Mənim bütün sahələr üzrə fəaliyyətimin məqsədi məhz Qarabağ məsələsinin həlli idi: bu və ya digər addım bizi Qələbəyə nə dərəcədə yaxınlaşdıracaq. Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi.

Gənclərin isə, yenə də deyirəm, bu sahədə rolu böyükdür. Bu gün bizim qəhrəman gənclərimiz – dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”.

Dövlət başçısı qeyd edib ki, müharibədə bizim mühüm məqsədimiz Şuşanı – mədəniyyət incimizi qaytarmaq idi. Şuşasız bizim işimiz nəinki yarımçıq ola bilərdi, natamam ola bilərdi: “Bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir. Mənim üçün, sözün düzü, şəhərlər, bölgələr arasında heç bir fərq yoxdur. Hər qarış torpaq mənim doğma torpağımdır və hər bir bölgənin özünəməxsus olan gözəlliyi var. Şuşanın da, təbii ki, gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, əlbəttə ki, havası, gözəlliyi. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var idi və onu da deməliyəm, xüsusilə işğal dövründə.

İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni, bəli, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi – Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyirdilər. Yəni, mən hesab edirəm, Şuşanın bütün bu təbii gözəlliklərindən başqa Azərbaycan xalqının ürəyindəki yeri məhz onunla bağlı idi ki, bu, Azərbaycanın tərkibindədir, amma, eyni zamanda, süni yaradılmış qondarma qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində idi və elə bil ki, Şuşanın bütün idarəetmə işlərinə ermənilər – Dağlıq Qarabağın mərkəzində oturan ermənilər cavabdehlik daşıyırdı. Məhz ona görə Heydər Əliyev Şuşaya xüsusi diqqət göstərirdi. O vaxt orada bir çox müəssisələr yaradıldı və Xanın vəzirinin məqbərəsini sovet vaxtında ucaltmaq o qədər də asan məsələ deyildi.

İşğal dövründə isə Şuşaya xüsusi münasibət məhz bu ədalətsizliklə bağlı idi. Çünki mənim üçün Ağdamın da, Zəngilanın da, Qubadlının, Kəlbəcərin, Laçının, Füzulinin, Cəbrayılın da işğalı Şuşa işğalı qədər ağrılı idi. Ancaq Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Bunu biz bilməliyik. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı. Məhz bizim milli rəmzimizi qaytarmaq, orada bayraq ucaltmaq bizim vəzifə borcumuz idi və müharibənin ilk günündən biz Şuşaya doğru gedirdik...”.

Prezident bildirib ki, Şuşanın azad olunması xəbərini alanda qürur hissi keçirdim: “Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. On minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib – Şuşanı görmədən, azadlığı görmədən...”.

 

Bərpa işləri bu il daha geniş vüsət alacaq

 

Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda bərpa işlərinin geniş vüsət aldığını diqqətə çatdıran dövlət başçısı bildirib ki, bu il infrastruktur layihələrinin davam etməsi ilə bərabər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da başlanacaq. Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər: “Bu il nəzərdə tutulan layihələr arasında mən Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd etməliyəm. Bu, pilot layihədir, bunun böyük rəmzi mənası var. Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb. Amma, eyni zamanda, bu, pilot layihədir. Bu layihə ilə bağlı gedən işlərə ondan sonra qiymət veriləcək, təhlil aparılacaq və növbəti layihələr əminəm ki, bütün bu təhlili nəzərə alacaq. Amma bu, çox böyük rəmzi xarakter daşıyır. Çünki belə çıxır ki, müharibədən heç iki il keçməmiş biz haradasa, yaz-yay aylarında Ağalı kəndinin sakinlərini artıq orada yerləşdirmək istəyirik. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var.

Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün... Biz 2023-cü ildə dəmiryolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Yəni, bütün bu işlərdə gənclər fəal iştirak edirlər. Çünki orada müxtəlif sahələrdə indi minlərlə insan çalışır. Nəzərə alsaq ki, azad edilmiş torpaqlar həm də “Ağıllı şəhər” modeli əsasında qurulacaq, “Ağıllı kənd”, yaşıl enerji zonası – bütün bu yeni sahələr, yeni peşələr, əlbəttə, gənclərin sərəncamında olacaq...”.