Mədəniyyət naziri Anar Kərimov ölkəmizin qərb bölgələrinə səfəri çərçivəsində fevralın 4-də Şəmkir rayonuna gəlib. Nazir əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinə baş çəkən Anar Kərimov müəssisənin fəaliyyəti ilə tanış olub. Mədəniyyət mərkəzi nəzdində xalq kollektivlərinin, teatr qruplarının yaradılmasının vacibliyini vurğulayan nazir bu xüsusda müvafiq göstərişlər verib.

Şəmkir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) gələn nazir kitabxananın şöbələri, kitab fondları barədə məlumat alıb. MKS-də texniki təchizatın yaxşılaşdırılması üçün tapşırıq verilib.

Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan mədəniyyət naziri ekspozisiyaya və fonda baxış keçirib. Muzeydə memar-rəssam Fərman Hüseynov tərəfindən yaradılmış “Toy” adlı divar rəsmi xüsusi diqqət çəkir. Bildirilib ki, 73 kvadratmetr sahəsi olan əsər ölkəmizdə bu qəbildən ən böyük əl işlərindəndir. Nazirə muzeydə qorunan 2500 illik sütun daşları haqqında da məlumat verilib.

Nazir Şəmkirdəki Uşaq musiqi məktəbi ilə də tanış olub, məktəbin xor kollektivinin, tar ixtisası üzrə təhsil alan şagirdlərin ifalarını dinləyib. Bildirilib ki, məktəbdə 665 şagirdin təlim-tərbiyəsi ilə 134 nəfər müəllim məşğul olur. Burada 10 ixtisas – fortepiano, violin, tar, kamança, qarmon, xanəndəlik, nağara, klarnet, xor, nəzəriyyə üzrə tədris həyata keçirilir.

***

Mədəniyyət naziri Anar Kərimov fevralın 4-də Heydər Əliyev Mərkəzində Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirib.

Görüşdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilib, bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının ümumi inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Anar Kərimov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət sahəsinə daim diqqət və qayğı göstərilir. Mədəniyyət müəssisələri də öz fəaliyyətini bu diqqət və qayğıya adekvat qurmalıdır.

Görüşdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, fikir və təkliflər dinlənilib. Nazir problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.

Sonda mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirilib.